Abadlıq işlərinin aparılması
"Teklifimvar" portalına daxil olmuş təklif ilə bağlı BŞİH və Nizami RİH tərəfindən Bəkir Çobanzadə küçəsinin Bəhruz Nuriyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsindəki ərazidə, 2500 nəfərdən çox sakinin yaşadığı 7 ədəd çoxmərtəbəli yaşayış binası və onları əhatə edən küçə boyu ərazidə təmiz-abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə verilib. Yaşayış binalarının fasadları və pilləkən qəfəsələri təmir edilib, girişi qapıları, dam örtükləri yenilənib, həyətlərdə sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraiti yaradılıb. Abadlaşdırılan həyətlərdə uşaq meydançaları salınıb, müxtəlif idman qurğuları, 14 söhbətgah və 90 ədəd yeni oturacaq quraşdırılıb, tullantılar üçün qutular qoyulub. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları, yanğınsöndürmə hidrant sistemi quraşdırılıb, elektrik sistemi yenilənib. Eyni zamanda, Bəkir Çobanzadə küçəsi boyunca yol şəraitinin yaxşılaşdırılması və sakinlərin hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə düyməli piyada işıqforu, yol nişanı quraşdırılıb, piyada keçidləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 550 ədəd müxtəlif növ ağac və 15 min kol əkilib, 8500 m2 ərazidə yaşıllıq zolağı salınıb. Bundan əlavə, 6 min p/m yeni bordür quraşdırılıb, 3200 m2 səki örtüyü, 9 min m2 asfalt örtüyü yenilənib.